Çətin, amma sonu mükafatla bitən qərarım

dissİndiki zamanda gənclər arasında gördüyüm ən böyük problemlərdən biri məqsədsiz olmaları, məqsəd olsa da, qorxularının onları geridə qoymasıdır. Bəziləri yeni şeylər etməkdən qorxur, bəziləri yeni biznesə başlamaqdan qorxur ki, birdən uğursuz nəticələnər. Lap sadə misal, bəziləri ingilis dilində danışmaqdan qorxur ki, birdən hamı ona gülər. Qorxu əslində insan oğlunun hiss etdiyi çox normal bir hissdir. Onu tamamilə yox etmək olmaz, lakin qorxularımızın bizim istəklərimizi həyata keçirməyə mane olmasına da icazə verməməliyik. Bu yazımda  öz qorxusuma necə qalib gəlməyim barədə yazacam :) Ümid edirəm ki, başıma gələnlərdən çıxardığım  nəticələr  sizə də motivasiya verər.

2010-cu ildə Tərcümə (ingilis dili) ixtisası üzrə Bakalavr təhsilimi bitirib işləməyə başlasam da,  təhsilimi  davam etdirmək istəyi məni rahat buraxmırdı. Çox istəyirdim təhsilimi davam etdirməyi..Ağlıma çoxlu fikirlər gəlir, bəzən məni çaşqınlıq içində qoyurdu. Eyni ixtisas üzrə öz ölkəmdə magistratura təhsili alım, eyni zamanda da işləyim? Yoxsa imtahan verim və xaricdə oxumağa gedim?  yoxsa təhsil barədə unudum və sadəcə işləyib daha çox təcrübə toplayım? Son qərarı vermək mənim üçün çox çətin idi.Universitetlərdən birində  işləməyə başlayandan sonra əmin oldum ki, mən tələbələrlə işləməyi çox sevirəm və gələcəkdə  fəaliyyətimi müəllimə olaraq davam etdirmək istəyirəm. Buna görə də İngiltərədə Təhsil sahəsi üzrə  magistratura təhsili almağa qərar verdim.Amma, ölkəni tərk etməkdə çox tərəddüd edirdim. Beynimdə yenə çoxlu məni qorxudan suallar yarandı:  Mən fərqli təhsil sisteminə necə adaptasiya olacam?  İmtahanlarımı uğurla verə biləcəm? Mən başqa ölkədə təkbaşına yaşaya biləcəmmi?  Sonra mən bir anlıq düşündüm: Afaq, bu nə suallardır! Səncə bu sualları özünə verməklə vaxt itirib onlara cavab tapa bilərsən? Əlbəttə ki yox! Bu suallara ancaq onda cavab tapmaq olar ki, ora gedəsən,  yaşayasan və görəsən. Ancaq onda suala cavab tapa biləcəksən. Əks halda, düşünməklə həm beynin yorulacaq, həm vaxt itirəcəksən, həm də istəyindən məhrum olacaqsan. Ona görə də mən, getməyə qərar verdim. Getdim, çünki təhsilimi orada davam etdirmək məqsədim idi, çox istəyirdim.

Ailəm qərarımı çox xoş qarşıladı və mən bütün yayı universitet axtarmaqla və müraciət etməklə məşğul oldum. Təqaüd qazanmağım isə mənə lap hədiyyə oldu. Elə bil, cəsarətimin hədiyyəsi idi o təqaüd :))

Nəhayət ki, mən aeroportdayam və səbirsizliklə uçuşumu gözləyirəm. Şəhərə çatanda ilk getdiyim məkan bir il ərzində yaşayacağım o kiçik otağım oldu. Bundan sonra mənim UK həyatım başladı. 12096358_1248687045156911_4588214964459744871_n

Bu qərarı verdiyimə heç də peşman olmadım. Çətinliklərim oldu, amma düşünürəm ki, bu qərarım mənə böyük mükafatlar verdi: Müxtəlif ölkələrdən olan insanlarla birlikdə oxumaq, araşdırma etmək mənə müstəqil şəkildə işləməyi və öz məhsulumu ortaya çıxarmağı və o məhsulu görməyi mənə bəxş elədi. Başa düşdüm ki, səhv və ya düzgün cavab deyə bir şey yoxdur, hər kəsin fikri var,  və hər kəsin fikir bildirməyə haqqı var, və hər kəsin fikri dəyərlidir, əhəmiyyətlidir. Tənqidi düşünmək bacarığı qazandım, öz işlərimi, öz həyatımı özüm idarə etməyi öyrəndim. Həm dərs oxumaq həm də ev işlərini görmək çox çətin idi, amma mümkün idi. Bütün bunlar mənə vaxtı necə düzgün idarə etməyi öyrətdi. Uzun sözün qısası, bu qərar mənə savaddan əlavə bir çox bacarıqları, həyat təcrübəsi qazanmağa kömək etdi.

Çox şadam ki, bu qərarı verdim. İndi sualıma cavab tapmışam. Bu qərar mənə şəxsi keyfiyyətlərimdə mənfi cəhətləri aradan qaldırmağa kömək etdi. Ən əsası isə qorxumla mübarizədə qalib gəldiyim üçün çox xoşbəxt idim.

Sonda yenə də bildirmək istərdim ki, qorxu normal bir şeydir, ancaq yeni bir addım atmaq istəyəndə, o addımı sadəcə atın, ancaq onda beyninizdə yaranan suallara cavab tapacaqsınız. Qorxunuza qalib gəlin! 🙂 Amma əvvəlcədən məqsəd qoyun. Çünki məqsədinizin güclü olması sizin qərar vermə prosesinizi daha da sürətləndirəcək.

Sevgilərlə,

Afaq

 

 

 

1 Comments Add yours

Leave a comment